Перейти к основному содержимому

Həbsdə olan hüquq müdafiəçisi saxlanma şəraitindən şikayət edir

· 3 мин. чтения

img alt

Seçki Müşahidə Alyansının sədri, siyasi məhbus kimi tanınan hüquq müdafiəçisi Məmməd Alpay saxlanıldığı təcridxanadakı şərait və hüquqlarının məhdudlaşdırılması ilə bağlı açıqlama yayıb.

Alpayın sözlərinə görə, son altı ay ərzində birinci dərəcəli ailə üzvləri ilə açıq görüşlərin keçirilməsi faktiki olaraq dayandırılıb. Bu müddətdə yalnız şüşə arxasından görüşlərə icazə verilib. O bildirir ki, təcridxana rəhbərliyi dəfələrlə açıq görüşlərin bərpa olunacağını vəd etsə də, bu günədək həmin vəd yerinə yetirilməyib. Eyni zamanda, ikinci dərəcəli qohumlar və dostlarla hətta şüşə arxasından görüşlər də mümkün olmayıb.

Hüquq müdafiəçisi həmçinin yaxınları tərəfindən göndərilən jurnal, qəzet və bəzi hallarda kitabların ona çatdırılmadığını bildirir.

Alpay məhkəmələrə aparılarkən istifadə olunan xüsusi nəqliyyat vasitələrində (avtozaklarda) məhbusların normadan artıq sayda yerləşdirildiyini də qeyd edir. Onun sözlərinə görə, bu vəziyyət hərəkət zamanı ciddi narahatlıq yaradır və təhlükəsizlik baxımından da problemlərə səbəb olur.

Şikayətlərdən biri də məhkəmə proseslərindən sonra saxlanılan şəxslərin dərhal təcridxanaya qaytarılmaması ilə bağlıdır. Alpay bildirir ki, məhkəməsi başa çatan şəxslər saatlarla, bəzi hallarda isə günün sonunadək məhkəmə binalarında gözləməyə məcbur qalırlar.

Onun sözlərinə görə, qeyd olunan hallar saxlanılan şəxslərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərir, havasız şəraitdə uzun müddət qalmağa, susuzluğa, qida və sanitariya imkanlarından məhdud istifadə edilməsinə səbəb olur.

Məmməd Alpay aidiyyəti dövlət qurumlarını göstərilən problemləri araşdırmağa və saxlanılan şəxslərin hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görməyə çağırıb.

Məmməd Alpay 14 mart 2025-ci ildə saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və bu tədbirin müddəti sonradan iki dəfə uzadılıb.

O, iki ayrı cinayət işi üzrə ümumilikdə 11 maddə ilə ittiham olunur.

Alpaya qarşı həm "QHT işi", həm də Anar Məmmədli işi çərçivəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3 (qulluq mövqeyindən istifadə edilməklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 193-1.3.1 (mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213.2.1 (vergiləri və məcburi sosial ödənişləri ödəməkdən yayınma), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Məmməd Alpay irəli sürülən ittihamları qəbul etmir. O, həbsinin hüquq müdafiəsi və seçki monitorinqi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı olduğunu bildirir.

Hazırda Penitensiar Xidmət və digər aidiyyəti dövlət qurumları Məmməd Alpayın səsləndirdiyi iddialarla bağlı ictimai açıqlama verməyiblər.