Skip to main content

Xocalıda təmir işlərini gördüyünü deyən şirkət rəhbəri “Paramount Construction”dan pulunu ala bilmədiyini bildirir

· 2 min read

img alt

Xocalı rayonunun Daşbulaq kəndində yaşayış evlərinin cari təmiri işlərini həyata keçirdiyini bildirən “Nihad 2024” MMC-nin rəhbəri Nəsimi Hətəmov uzun müddətdir gördüyü işlərin müqabilində “Paramount Construction” MMC-dən ödəniş ala bilmədiyini deyir.

Nəsimi Hətəmovun sözlərinə görə, “Nihad 2024” MMC “Paramount Construction” MMC ilə razılaşma əsasında Daşbulaq kəndində yaşayış evlərinin cari təmiri işlərini həyata keçirib. Lakin işlər başa çatdıqdan sonra şirkətə ödənilməli olan vəsaitin verilmədiyini bildirir.

Şikayətçi məsələ ilə bağlı əvvəlcə polisə müraciət etdiyini, 102 xidmətinə zəng etsə də, müraciətinin nəticəsiz qaldığını deyir. Bundan sonra o, problemini sosial şəbəkələrdə video müraciət vasitəsilə ictimailəşdirib.

Hətəmov bildirib ki, bundan sonra məsələ ilə bağlı müxtəlif şəxslərlə əlaqə saxlayıb və pulunun ödəniləcəyinə dair vədlər alıb. Onun sözlərinə görə, “Paramount Construction” MMC-nin rəhbəri Aynur Atabəy qızı Qiyasova və şirkətin Xankəndidəki nümayəndəliyində çalışan şəxslərlə də məsələni müzakirə edib.

Şikayətçinin iddiasına görə, “Tutto Bello” MMC-nin rəhbəri Anar Məmmədov da onunla görüşərək ödənişin həyata keçiriləcəyini vəd edib. Hətəmovun sözlərinə görə, daha sonra Anar Məmmədov ona zəng edərək nümayəndəlikdə Telman Kərimlinin videonu siləcəyi təqdirdə pulunun ödəniləcəyini bildirdiyini deyib. Lakin Hətəmov videonu sildikdən sonra da 10 gün ərzində ödəniş almadığını bildirir.

Onun sözlərinə görə, bundan sonra nümayəndəlikdən Səbuhi Hüseynov onu idarəyə dəvət edib və borcun ödəniləcəyinə söz verib. Lakin həmin vəddən də bir həftə keçməsinə baxmayaraq, ödənişin edilmədiyini deyir. Daha sonra Asif adlı şəxsin onu yenidən Xankəndidəki nümayəndəliyə dəvət etdiyini bildirib.

Nəsimi Hətəmov həmçinin iddia edir ki, sosial şəbəkələrdə şikayət videosunu yayımladıqdan sonra Xocalı Rayon Polis Şöbəsindən və Prezidentin Qarabağ üzrə nümayəndəliyindən ona zənglər edilib və şöbəyə izahat verməsi tələb olunub. Hətəmov bu zənglər zamanı həbslə hədələndiyini iddia edir.

Şikayətçi bildirir ki, söhbət yalnız onun öz pulundan getmir. Onun sözlərinə görə, işlər zamanı 28 nəfər işçi ilə çalışıb və alacağı vəsait həmin işçilərin də əməkhaqlarının ödənilməsi üçün nəzərdə tutulub.

“Alacaqlıların əlindən evimdən didərgin düşmüşəm, orda-burda qalıram, 17–18 min manat vergi borcum var”, – deyə Hətəmov bildirib.

Qeyd edək ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “Paramount Construction” MMC arasında Daşbulaq kəndində yaşayış evlərinin cari təmiri işlərinin həyata keçirilməsi ilə bağlı 3 milyon 447 min 296 manat dəyərində müqavilə imzalanıb.

Nəsimi Hətəmovun iddiaları ilə bağlı “Paramount Construction” MMC-nin, adı çəkilən digər şəxslərin və aidiyyəti dövlət qurumlarının mövqeyi məlum deyil. Onların mövqeyini dərc etməyə hazırıq.