Xarici işlər nazirinin müavininin qardaşının şirkəti Şuşada tarixi binanın bərpası üçün 1,4 milyon manatlıq dövlət sifarişi alıb

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Şuşada yerləşən tarixi “Zərgər Məmmədin evi”nin əsaslı təmiri və bərpası üçün 1 milyon 379 min 100 manat dəyərində müqavilə imzalayıb.
Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, tenderin qalibi “Aqroman” MMC olub. 2020-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Onun qanuni təmsilçisi Müzadil Rəfiyev xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır.
Rəsmi satınalma məlumatlarına əsasən, “Aqroman” MMC 2023-cü ildən bəri müxtəlif dövlət qurumları ilə ümumi dəyəri 16,1 milyon manatdan artıq olan 15 dövlət müqaviləsi imzalayıb. Şirkətin ən iri sifarişləri Xocalının Xanabad kəndində yaşayış evlərinin təmiri ilə bağlı olub və onların ümumi dəyəri 8,5 milyon manatı ötür. Bundan əlavə, şirkət Şuşada söküntü, abadlıq, səki və istinad divarlarının təmiri, Ağdamda isə tikinti sahələrinin hazırlanması üzrə dövlət sifarişləri də icra edib.
Müstəqil medianın əvvəlki araşdırmalarında Müzadil Rəfiyevlə əlaqəli digər şirkətlərin də milyonlarla manatlıq dövlət sifarişləri aldığı göstərilib. Həmin araşdırmalara görə, “Laguna Group” MMC ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” arasında 613 min manatdan çox dəyərində müqavilələr bağlanıb. Araşdırmada şirkətin hüquqi ünvanının nazir müavini Yalçın Rəfiyevin qeydiyyatda olduğu ünvanla üst-üstə düşdüyü də qeyd olunub.
Müzadil Rəfiyev isə daha əvvəl mediaya verdiyi açıqlamada qardaşı Yalçın Rəfiyevin bu şirkətlərlə hər hansı əlaqəsinin olmadığını bildirib.