Skip to main content

“LAÇIN” Yazısının Tikintisinə Təxminən Yarım Milyon Manat Ayrılır

· One min read

img alt

Laçın şəhərində “LAÇIN” yazısının tikintisinə dövlət büdcəsindən 489 667,98 manat ayrılması planlaşdırılır. Müvafiq tender “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilib.

Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata əsasən, satınalma “konstruksiyaların polad quraşdırılması işləri” kimi təsnif edilib. Layihəyə torpaq qazıntısı, qruntun daşınması, ekskavator və digər texnikanın istifadəsi, həmçinin quraşdırma işləri daxildir.

Layihənin ümumi dəyəri beş hərfdən ibarət “LAÇIN” yazısına bölündükdə, hər hərfə şərti olaraq 97 933 manat, yəni təxminən 100 min manat xərc düşür. Bu hesablamaya tikinti və digər texniki işlər də daxildir.

Bununla belə, şəhərin adını əks etdirən konstruksiyanın tikintisinə təxminən yarım milyon manat vəsait ayrılması dövlət xərclərinin səmərəliliyi baxımından ictimai müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-yə 2025-ci ildən Rafiq Bakir oğlu Salmanov rəhbərlik edir.