Azərbaycanda sosial media platformalarına yeni tələblər və yüksək cərimələr müəyyənləşib

Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinə nəzarəti sərtləşdirən yeni qaydalar təsdiqlənib. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkələrə nəzarət əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.
Yeni qaydalara görə, platformalar istifadəçilərin yaşını yoxlamalı, dövlət qurumlarının sorğularını 5 iş günü ərzində cavablandırmalı və təhlükəsiz istifadə tələblərinə əməl etməlidir. 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyətlər də nəzərdə tutulur.
Tələblərin pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslər üçün minlərlə manatlıq cərimələr müəyyənləşdirilib. Dövlət qurumlarının sorğularına cavab verməyən və ya məlumatları təhrif edən platformalar üçün hüquqi şəxslərin cəriməsi 25–30 min manat, təhlükəsiz istifadə qaydalarının pozulmasına görə isə 35–40 min manat olacaq. Pozuntuların bir il ərzində təkrarlanması halında cərimələr hüquqi şəxslər üçün 45–50 min manata qədər yüksələcək.
Dəyişikliklərə əsasən, müəyyən hallarda internet resurslarının məhkəmə qərarı olmadan müvəqqəti bloklanması da mümkün olacaq. Təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığının pozulması, narkotik vasitələrin təbliği və ictimai təhlükəsizliyə təhdid yaradan dezinformasiya belə əsaslar sırasına daxil edilib.
Hakimiyyət dəyişiklikləri uşaqların qorunması və informasiya təhlükəsizliyi ilə əsaslandırır. Tənqidçilər isə yeni qaydaları Azərbaycanda internet və media üzərində dövlət nəzarətinin daha da genişləndirilməsi kimi qiymətləndirirlər.
Yeni qaydalar 12 ay sonra qüvvəyə minəcək.