Meta Abzas Media və Toplum TV-nin Instagram səhifələrini bloklayıb

Meta şirkəti müəllif hüquqları ilə bağlı şikayətlərdən sonra mühacirətdə fəaliyyət göstərən müstəqil media qurumları Abzas Media və Toplum TV-nin Instagram səhifələrini bloklayıb.
Abzas Media-nın direktoru Günel Səfərovanın sözlərinə görə, avqustun 22–25-də media qurumuna dörd müəllif hüquqları şikayəti daxil olub. Şikayət edilən videolarda müxtəlif media qurumlarının materiallarından istifadə olunub və mənbələrə istinad edilib. Səfərova şikayətlərin eyni elektron poçt ünvanından göndərilməsinin koordinasiyalı hücum şübhəsi yaratdığını bildirib.
Toplum TV-nin redaktoru Pərvanə Qurbanlı da oxşar hadisənin baş verdiyini deyib. Onun sözlərinə görə, İctimai TV-nin YouTube səhifəsindən götürülmüş və mənbəsi göstərilmiş bir video müəllif hüquqlarının pozulması iddiası ilə şikayət edildikdən sonra hesab məhdudlaşdırılıb.
Hər iki media qurumu bunun müstəqil mediaya qarşı məqsədyönlü hücum ola biləcəyindən və Azərbaycan hakimiyyətinin göstərişi ilə həyata keçirilə biləcəyindən şübhələnir. Lakin şikayətlərin konkret olaraq kim tərəfindən təşkil edildiyi və onların arxasında kimin dayandığı hələ müstəqil şəkildə təsdiqlənməyib.
Abzas Media məsələ ilə bağlı rəqəmsal hüquqlar təşkilatı Access Nowa müraciət edib.
Son günlər “Azadlıq” qəzetinin Facebook səhifəsinin də müəllif hüquqları ilə bağlı şikayət əsasında bloklandığı bildirilir.
Müstəqil media qurumları hesab edir ki, sosial media platformalarının bloklanması onların Azərbaycandakı auditoriyaya çıxışını ciddi şəkildə məhdudlaşdıra bilər.