Hökumətin saytları bloklama səlahiyyəti genişlənir

Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna qəbul etdiyi son dəyişikliklərlə dövlət qurumlarının internet resurslarını məhkəmə qərarı olmadan bloklama səlahiyyətini genişləndirib.
İndiyədək qanunvericiliyə əsasən, belə məhdudiyyət yalnız "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhlükə yarandığı" və ya insanların həyat və sağlamlığı üçün real risk olduğu təxirəsalınmaz hallarda tətbiq edilə bilirdi.
Yeni dəyişikliklərdən sonra isə internet resurslarında təhqir və böhtan xarakterli məlumatların yayılması, şəxsi həyatın toxunulmazlığının pozulması, narkotik vasitələrin təbliği, pornoqrafik materiallar, qumar oyunlarının təşviqi, intihara çağırış, yaş məhdudiyyəti göstərilməyən film və oyunların yayımlanması, həmçinin ictimai təhlükəsizliyə təhdid hesab edilən yalan məlumatların yerləşdirilməsi də məhkəmədənkənar bloklama üçün əsas olacaq.
1998-ci ildə qəbul edilən qanun internet resurslarının yalnız məhkəmə qərarı ilə bloklanmasına imkan verirdi. 2017-ci ildə qanuna edilən dəyişikliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təxirəsalınmaz hallarda internet resurslarını müvəqqəti bloklama səlahiyyəti verildi və sonradan bu qərarın təsdiqi üçün beş gün ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutuldu.
Son qanun dəyişiklikləri bloklama mexanizminin tətbiq dairəsini daha da genişləndirərək dövlət orqanlarına internet resurslarına operativ müdaxilə imkanlarını artırır. Hüquq müdafiəçiləri və media azadlığı sahəsində fəaliyyət göstərən təşkilatlar isə belə dəyişikliklərin ifadə azadlığı və müstəqil medianın fəaliyyəti baxımından əlavə risklər yarada biləcəyini bildirirlər.