Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi saxlanma şəraitinin ağırlaşdırıldığını bildirir

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi onun saxlanma şəraitinin ağırlaşdırıldığı barədə bəyanat yayıb.
Komitənin məlumatına görə, səkkiz aydır Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əli Kərimliyə qarşı fiziki və psixoloji təzyiqlər davam edir, son günlər isə əlavə məhdudiyyətlər tətbiq olunub.
Bəyanatda bildirilir ki, Kərimlinin yerləşdirildiyi kamerada psixi problemləri olduğu iddia edilən və terrorçuluq ittihamı ilə həbsdə olan başqa bir məhbus saxlanılır. Komitənin iddiasına görə, həmin şəxs gecələr səs-küy salaraq Kərimlinin normal istirahət etməsinə mane olur.
Komitə həmçinin qeyd edir ki, Əli Kərimlinin ailə üzvləri ilə görüşmək, telefon danışığı aparmaq, açıq havada gəzmək və gündəlik xəbərlərlə tanış olmaq imkanlarına tətbiq olunan əvvəlki məhdudiyyətlər də qüvvədə qalır.
Bəyanata əsasən, son günlər əlavə məhdudiyyətlər də tətbiq edilib. İddia olunur ki, Kərimliyə ailəsindən göndərilən qida sovqatını qəbul etməyə məhdudiyyət qoyulub, kamerasındakı televiziya yayımı dayandırılıb, məhkəmə üçün hazırladığı vəsatətlər də daxil olmaqla əlyazma qeydləri müsadirə edilib. Bundan başqa, vəkillərinin görüş zamanı ona yazılı qeydlər təqdim etməsinə də icazə verilmədiyi bildirilir.
Müdafiə Komitəsi hesab edir ki, bu tədbirlər Əli Kərimlinin beynəlxalq mediaya verdiyi müsahibələrlə əlaqədardır. Bəyanatda qeyd edilir ki, məhdudiyyətlər xüsusilə onun France 24 telekanalına müsahibəsindən sonra sərtləşib. Komitə bu addımların siyasi göstəriş əsasında həyata keçirildiyini iddia edir.
Bəyanatda həmçinin bildirilir ki, vəkillərin saxlanma şəraiti ilə bağlı etdikləri şikayətlər rayon və apellyasiya məhkəmələri tərəfindən icraata qəbul edilmir.
Komitə Əli Kərimliyə münasibəti "qəddar və qeyri-insani rəftar" kimi qiymətləndirərək onun hüquqlarının bərpa edilməsini və azadlığa buraxılmasını tələb edib. Bəyanatda eyni zamanda ölkədə siyasi məhbus kimi tanınan bütün şəxslərin azad edilməsinə çağırış yer alıb.
Əli Kərimli 2025-ci il noyabrın 29-da saxlanılıb. Onunla birlikdə AXCP Məclisinin üzvü Məmməd İbrahim də həbs olunub. Hər iki siyasətçiyə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə iştirak ittihamı irəli sürülüb.
Müxalifət nümayəndələri və onların tərəfdarları bu həbslərin siyasi motivli olduğunu bildirirlər. Bir sıra beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər də bu işi siyasi motivli təqib nümunəsi kimi qiymətləndiriblər.
AXCP-nin məlumatına görə, hazırda partiyanın 20-dən çox üzvü və fəalı həbsdədir və onların da siyasi motivlərlə təqib olunduğu bildirilir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqının son siyahısına əsasən, ölkədə 328 siyasi məhbusun olduğu iddia edilir.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi qurumlar bildirirlər ki, həbs edilən şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunublar.