Skip to main content

Qarabağda 41 milyonluq tender məmurla əlaqəli şirkətə verilib

· One min read

img alt

Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi üçün ayrılmış 41 milyon 266 min manatlıq dövlət tenderinin qalibi “Hovers Group” MMC olub. Satınalmanın sifarişçisi “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.

Araşdırmalar göstərir ki, şirkətin təsisçisi Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 2024-cü ilin iyulunda prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib.

Səbuhi Mehdizadə bundan əvvəl müxtəlif dövlət qurumlarında, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi və “Təmiz Şəhər” ASC-də rəhbər vəzifələrdə işləyib. Hazırda o, həm də Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

“Hovers Group” MMC son illərdə dövlət qurumlarından iri məbləğli sifarişlər alıb. Şirkət MİDA, Gənclər və İdman Nazirliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və digər dövlət qurumları ilə ümumi dəyəri on milyonlarla manat olan müqavilələr imzalayıb.

Azərbaycan qanunvericiliyi dövlət qulluqçularının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. “Dövlət qulluğu haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlarda bu məhdudiyyət açıq şəkildə əks olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Qubadlı şəhərində 34 milyon manatlıq yaşayış məhəlləsi tenderinin prezidentin qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı Emin Ağalarovun şirkətinə verildiyi açıqlanmışdı.