Skip to main content

Azərbaycan Ali Məhkəməsi həmkarlar ittifaqı lideri və fəalın həbs cəzalarını qüvvədə saxladı

· 2 min read

img alt

Azərbaycan Ali Məhkəməsi çərşənbə axşamı həbsdə olan həmkarlar ittifaqı lideri Afiəddin Məmmədov və ictimai fəal İlhamiz Quliyevin kassasiya şikayətlərini təmin etməyərək onların həbs cəzalarını qüvvədə saxladı.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri olan Məmmədov 20 sentyabr 2023-cü ildə həbs edilib. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə — xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, silahla xuliqanlıq və qanunsuz silah saxlama ittihamları irəli sürülüb. O, ötən ilin 14 yanvar tarixində 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmədə keçirilən iclas zamanı onun vəkili Zibeydə Sadıqova aşağı instansiya məhkəmələrində təxminən 20 vəsatət təqdim edildiyini, lakin onların heç birinə baxılmadığını bildirib. Məmmədov özü də məhkəmədə prosesin ədalətli aparılmadığını qeyd edib.

İlhamiz Quliyev isə 4 dekabr 2023-cü ildən narkotiklə bağlı ittihamla həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib. Quliyev ittihamları rədd edir və bildirir ki, bu ittihamlar uydurmadır və onun ictimai-siyasi tənqidi mövqeyi, o cümlədən polis əməkdaşlarının fəallara qarşı davranışı barədə verdiyi müsahibə ilə əlaqəlidir.

Hüquq müdafiəçiləri hər ikiq kişini siyasi məhbus hesab edirlər. Azərbaycan hakimiyyəti isə bu iddiaları rədd edərək bildirir ki, həmin şəxslər siyasi səbəblərə görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Ali Məhkəmənin qərarı hər iki şəxs üçün ölkədaxili hüquqi müdafiə imkanlarını tükəndirir.