Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin hüquqlarını müdafiə etmək məqsədilə komitə yaradılıb. Bu barədə partiya çərşənbə axşamı məlumat yayıb.
Bildirilib ki, komitə fevralın 4-də ilk iclasını keçirib və tarixçi Cəmil Həsənli ilə hüquq müdafiəçisi Leyla Yunus həmsədrlər seçiliblər.
Komitənin tərkibi həm ölkə daxilində, həm də xaricdə yaşayan ictimai və siyasi xadimlər üçün açıqdır. İlk iclas zamanı komitə həmçinin ilk bəyanatını qəbul edib və Əli Kərimliyə qarşı irəli sürülən ittihamları siyasi motivli adlandırıb.
Bəyanatda qeyd olunur ki, Əli Kərimli 29 noyabr 2025-ci ildə komitənin qondarma hesab etdiyi ittihamlarla həbs olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı verilən apellyasiya şikayətləri Səbail Rayon Məhkəməsi tərəfindən təmin edilməyib. Komitə bildirir ki, bu həbs Əli Kərimliyə və onun partiyasına qarşı uzunmüddətli repressiya siyasətinin tərkib hissəsidir.
Komitə Azərbaycan hakimiyyətini Əli Kərimlini və AXCP üzvü Məmməd İbrahimi dərhal azad etməyə, onlara qarşı irəli sürülmüş bütün cinayət ittihamlarına xitam verməyə və ümumilikdə siyasi motivli təqiblərə son qoymağa çağırıb.
Bundan əlavə, komitə beynəlxalq ictimaiyyəti Azərbaycanda demokratik proseslərin qorunması və siyasi məhbusların azad olunması istiqamətində addımlar atmağa çağırıb.