İmran Əliyev məhkəmədə ona verilən işgəncələr barədə danışıb

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “meclis.info işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Roman Əliyev sədrlik edib. İclasda təqsirləndirilən İmran Əliyev, həmçinin polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
Məhkəmədə İmran Əliyev həm fəaliyyəti, həm də saxlanıldıqdan sonra ona qarşı tətbiq edildiyini iddia etdiyi zorakılıq barədə ifadə verib.
O bildirib ki, rəhbərlik etdiyi sayt beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib və Alman Marşal Fondu, USAİD və ABŞ səfirliyi kimi qurumlardan maliyyə dəstəyi alıb. Əliyev əlavə edib ki, üç il ərzində vergi ödəyicisi kimi fəaliyyət göstərib.
İmran Əliyev saxlanıldığı gün işgəncəyə məruz qaldığını da qeyd edib. Onun sözlərinə görə, hava limanından zorla Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, həm yolda, həm də idarədə başına qara torba keçirilib, fiziki zorakılığa məruz qalıb və elektrik cərəyanı verilib. Bu yolla ondan telefon və kompüter şifrələri tələb olunub, həmçinin vəkili olmadan sənədlərə imza atmağa məcbur edilib.
O bildirib ki, həm polis idarəsində, həm də istintaq təcridxanasında baş verənlər barədə susmağa məcbur edilib.
İmran Əliyev məhkəmədə dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina edib.
Onun atası Bağır Əliyev oğlunun ciddi sağlamlıq problemləri olduğunu bildirib. Onun sözlərinə görə, İmran Əliyevin uzun müddətdir davam edən bel ağrıları var və MRT müayinəsinə ehtiyac duyur, lakin üç aydan artıqdır ki, bu müayinə təşkil olunmur.
Müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb, o cümlədən səs və video materialların araşdırılması ilə bağlı. Məhkəmə bu vəsatəti təmin edib.
İmran Əliyev 19 aprel 2024-cü ildə saxlanılıb.