Ləğv edilmiş AY Partiyasının keçmiş sədri 4 il 6 ay azadlıqdan məhrum edilib

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) keçmiş sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmə Anar Əsədlini həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bundan əvvəl dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İş üzrə zərərçəkmiş qismində tanınan Oqtay Qasımov və Etibar Nəsibov da ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.
Müdafiə tərəfi isə ittihamları qəbul etməyib. Vəkil Rəsul Cəfərov məhkəmədə bildirib ki, Anar Əsədli zərərçəkmiş şəxslərdən borc alıb və bu məsələ cinayət deyil, mülki münasibət kimi qiymətləndirilməlidir. Müdafiə tərəfi bəraət hökmü tələb edib.
Son sözündə Anar Əsədli də özünü təqsirli bilmədiyini deyib.
Keçmiş partiya sədri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə — külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.
Anar Əsədli ilk dəfə 2023-cü ilin aprelində həbs olunmuşdu. Həmin ilin iyulunda ev dustaqlığına buraxılmış, oktyabr ayında isə cinayət işinə xitam verilmişdi. Sonradan Baş Prokurorluq həmin qərarı ləğv edərək işi yenidən istintaqa qaytarıb. O, 2025-ci il oktyabrın 24-də məhkəmə zalında eyni iş üzrə yenidən həbs edilib.
Anar Əsədli 2020-ci ildə Azərbaycan Yüksəliş Partiyasının sədri seçilmişdi. Partiya 2021-ci ildə dövlət qeydiyyatından keçsə də, 2023-cü ilin iyununda fəaliyyətini dayandırdığını elan edib.