“QHT işi” üzrə həbs olunan fəal Asəf Əhmədov 8 il azadlıqdan məhrum edilib

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən ictimai fəal Asəf Əhmədov barəsində hökm elan olunub.
Məhkəmənin qərarı ilə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Asəf Əhmədov 2025-ci ilin aprel ayında yenilənmiş “QHT işi” çərçivəsində həbs edilib. O, irəli sürülən ittihamları qəbul etmir və təqibinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir.
“QHT işi” üzrə həbslər 2025-ci ilin mart ayından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra, 2025-ci ilin aprel ayında ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni cinayət işi üzrə həbs olunublar. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
“QHT işi” üzrə təqsirləndirilən şəxslər ittihamları rədd edir və cinayət təqibinin onların vətəndaş cəmiyyəti və ictimai fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.
Yerli hüquq müdafiəçiləri və bir sıra beynəlxalq təşkilatlar isə sözügedən işlə bağlı narahatlıqlarını ifadə edərək, prosesin siyasi motivli ola biləcəyini bəyan ediblər.
“QHT işi” Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı son illərdə aparılan ən genişmiqyaslı cinayət təqiblərindən biri hesab olunur.