Azərenerjinin Qarabağda və Şərqi Zəngəzurda tikdiyi SES-lərdə nöqsanlar aşkarlanıb

Hesablama Palatasının audit hesabatında bildirilir ki, “Azərenerji” ASC-yə ayrılan dövlət investisiyalarının yoxlanılması zamanı azad olunmuş ərazilərdə tikilən Kiçik Su Elektrik Stansiyaları (KSES) üzrə bir sıra ciddi nöqsanlar müəyyən edilib. Hesabata əsasən, layihələr üzrə texniki-iqtisadi əsaslandırmalar aparılmadan 2022–2024-cü illər ərzində 7 KSES-in tikintisi üçün dövlət investisiyası ayrılıb. Audit ümumilikdə 255,8 milyon manatdan artıq vəsaiti əhatə edib. Yoxlama zamanı məlum olub ki, stansiyalar istifadəyə verildikdən sonra onların istehsal gücünün cəmi 14,7 faizdən 46 faizə qədər hissəsindən istifadə olunub.
Nəticədə gəlirlilik göstəriciləri aşağı düşüb və istehsal xərcləri artıb. Audit zamanı “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan”, “Cahangirbəyli”, “Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyalarının smeta dəyərlərinin sonradan artırıldığı da müəyyən edilib. Hesablama Palatası qeyd edir ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin və tikinti normativlərinin tələblərinə əməl olunmayıb. Tikinti-quraşdırma işləri, material və avadanlıqların alınması ilə bağlı keçirilən satınalmalarda sənədləşmə normativ-hüquqi aktlara uyğun aparılmayıb. Bundan əlavə, 6 KSES-in 2023-cü ildə, 1 KSES-in isə 2024-cü ildə tikintisi başa çatsa və istifadəyə verilsə də, onların istismara rəsmi qəbulu ilə bağlı prosedurlar tamamlanmayıb.