Skip to main content

Clooney Foundation for Justice Tofiq Yaqublu ilə bağlı məhkəmə pozuntularını açıqlayan hesabat yayıb

· 2 min read

img alt

Beynəlxalq hüquq təşkilatı “Clooney Foundation for Justice” müxalif siyasətçi Tofiq Yaqublu barədə məhkəmə prosesinin monitorinqinə dair hesabat yayıb. Təşkilatın hazırladığı sənəddə onun məhkəmə araşdırması zamanı ciddi hüquq pozuntularının baş verdiyi qeyd olunur.

Hesabata görə, 15 ay davam edən istintaq və məhkəmə prosesi ərzində Yaqublunun bir sıra fundamental hüquqları pozulub. Monitorinq nəticələrinə əsasən, Tofiq Yaqublu bütün məhkəmə iclasları boyunca şüşə kabinədə saxlanılıb. Təşkilat bildirir ki, bu şərait həm onun insan ləyaqətini alçaldıb, həm də vəkilləri ilə məxfi məsləhətləşmələr aparmasını faktiki olaraq mümkünsüz edib.

Hesabatda həmçinin qeyd olunur ki, Yaqublunun vəkillərinə ötürmək istədiyi qeydlər həbsxana mühafizəçiləri tərəfindən müsadirə olunub və oxunub. Məhkəmə isə müdafiə tərəfinin bu məsələ ilə bağlı şikayətlərini “təhlükəsizlik protokolu” ilə əsaslandıraraq rədd edib.

“Clooney Foundation for Justice” sənəddə vurğulayır ki, bu hadisə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinə və müxalifət fəallarına qarşı müşahidə olunan daha geniş repressiya dalğasının bir hissəsi kimi qiymətləndirilir.

İttihamlar və məhkəmə qərarları

Tofiq Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri üzrə təqsirli bilinib.

O, 2023-cü ilin dekabrında həbs olunub.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

2025-ci il mayın 6-da Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2026-cı il aprelin 3-də isə Ali Məhkəmədə Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Tofiq Yaqublu Milli Şuranın və Müsavat Partiyasının üzvüdür və hazırda həbsdə saxlanılır.