Skip to main content

Əhməd Məmmədli məhkəmədə: "Mənə ölüm hökmü kəsin"

· 2 min read

img alt

Bakı Apellyasiya Məhkəməsi jurnalist və ictimai fəal Əhməd Məmmədli barəsində çıxarılmış 6 illik həbs hökmünü qüvvədə saxlayıb.

Mayın 14-də hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə fəalın apellyasiya şikayətini təmin etməyib. Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, o, əvvəlcə bəraət, alternativ olaraq isə səhhəti ilə bağlı ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmədə çıxış edən Əhməd Məmmədli vəsatətlərinin rədd olunacağını əvvəlcədən bildiyini deyərək etirazını sərt ifadələrlə dilə gətirib: “Bu da olmazsa, xahiş edirəm mənə ölüm hökmü kəsin. Bilirəm, bizdə ölüm hökmü yoxdur, amma bu, mənim üçün daha şərəfli olar, nəinki 6 il işgəncə altında həbs cəzası çəkmək”.

Fəal bildirib ki, cinayət işində ona qarşı heç bir real sübut yoxdur. Onun sözlərinə görə, cinayət aləti hesab edilən bıçaq tapılmayıb, hadisə yerində isə qan izi aşkarlanmayıb.

Müdafiə tərəfi də istintaq materiallarındakı ziddiyyətlərə diqqət çəkib. Vəkil Elçin Sadıqov bildirib ki, hadisənin baş verdiyi iddia olunan taksidə olan digər iki sərnişin təsadüfi şəxslər deyil və bir-birlərini əvvəldən tanıyıblar.

Əhməd Məmmədli 2025-ci il mayın 6-da saxlanılıb. Ona qarşı xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb. İttihama əsasən, o, avtomobildə olan digər şəxsi bıçaqlayıb.

2026-cı ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi fəalı 6 il azadlıqdan məhrum edib.

Əhməd Məmmədli isə ittihamları rədd edir və həbsinin siyasi-ictimai fəaliyyəti, eləcə də müstəqil jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.