Toplum TV işi üzrə məhkəmədə müdafiə vəsatətləri rədd edilib

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses şahidlərin dindirilməsi ilə davam edib.
İclas zamanı təqsirləndirilən şəxslər bir sıra vəsatətlərlə çıxış ediblər. “Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli növbəti dəfə ev dustaqlığına buraxılması barədə müraciət edib. O, səhhətində yaranmış problemləri vurğulayaraq bildirib ki, boğazındakı şişlərin müayinəsi və müalicəsi üçün endokrinoloq müayinəsinə və hormonal analizlərə ehtiyac var. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında bu imkanlar mövcud deyil.
“İki ildir vəsatətlər verirəm. Təcridxanaya göndərilən sorğulara cavab olaraq bildirilir ki, xəstəliyim nəzarət altındadır. Halbuki bəzən 24–36 saat davam edən baş ağrılarım olur. Xəstəliyim ağırlaşmadan müalicə almaq istəyirəm,” – deyə Məmmədli qeyd edib. O əlavə edib ki, əvvəllər şahidlərə təsir göstərə biləcəyi ehtimalı ilə ev dustaqlığına buraxılmayıb, lakin artıq şahidlərin dindirilməsi başa çatıb və məhkəmə prosesinə hörmətlə yanaşır.
Məhkəmə təqdim olunan vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə iclası mayın 4-nə təyin olunub.