Skip to main content

Toplum TV işi üzrə prokuror təqsirləndirilən şəxslər üçün 16 ilədək həbs cəzası istəyib

· 2 min read

img alt

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV” ilə əlaqəli jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı açılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün 13 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edib.

Prokuror III Respublika Platformasının spikeri Akif Qurbanovun və təşkilatın qurucu heyət üzvü Ruslan İzzətlinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalov üçün isə 15 il həbs cəzası tələb olunub.

Dövlət ittihamçısı həmçinin Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbarovun 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin üç ilədək müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini, eləcə də üzərinə həbs qoyulmuş ev və avtomobillərinin müsadirə olunmasını tələb edib.

İttiham tərəfi jurnalist Elmir Abbasovun məhkəmə zalında dərhal həbs edilməsini də istəyib. Hazırda onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədədir.

Növbəti məhkəmə iclası iyunun 22-nə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə on nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, həmçinin Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev yer alır. Jurnalist Elmir Abbasov polis nəzarəti altındadır. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəlcə ev dustaqlığına buraxılsa da, sonradan onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan ittihamlar genişləndirilib və ağırlaşdırılıb.

Bütün təqsirləndirilən şəxslər ittihamları rədd edir və işin siyasi motivli olduğunu, jurnalist və vətəndaş cəmiyyəti fəaliyyəti ilə əlaqədar təqib edildiklərini bildirirlər.

Bu iş yerli və beynəlxalq insan hüquqları təşkilatlarının diqqətini cəlb edib. Həmin təşkilatlar Azərbaycanda media azadlığı, ədalətli məhkəmə araşdırması hüququ və müstəqil jurnalistika ilə vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.