Sosial şəbəkə paylaşımlarına görə 6 nəfər məsuliyyətə cəlb olunub

Sosial şəbəkələrdəki paylaşımlarına görə altı nəfər inzibati məsuliyyətə cəlb edilib. Onlardan dördünə inzibati həbs, iki nəfərə isə inzibati cərimə verilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qurumun bildirdiyinə görə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsini pozaraq sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik göstərən və əxlaqa zidd paylaşımlar ediblər.
Baş Prokurorluq vətəndaşlara müraciət edərək vurğulayıb ki, virtual məkan nəzarətsiz zona deyil və hər kəs rəqəmsal mühitdə yaydığı məzmuna görə qanun qarşısında məsuliyyət daşıyır. Qurum bundan sonra da milli mənəvi dəyərləri hədəf alan qanun pozuntularına qarşı ciddi tədbirlərin görüləcəyini bildirib.
Xatırladılıb ki, Milli Məclis 2025-ci il dekabrın 19-da İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, internetdə ictimai mənəviyyatı təhqir edən ifadə və paylaşımlara görə 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs nəzərdə tutulur. Eyni əməl bir il ərzində təkrar törədildikdə cərimə 1000–2000 manatadək artırılır və ya 1–2 ay inzibati həbs tətbiq oluna bilər.