Skip to main content

Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib

· One min read

img alt

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barədə hökm elan olunub. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl dövlət ittihamçısı onun üçün 13 il həbs cəzası istəmişdi.

Məhkəmədə son sözündə Azər Qasımlı özünü təqsirsiz hesab etdiyini bildirib və həbsinin siyasi sifariş nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, ittihamın nə şahidləri, nə də əsaslı sübutları var.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunub.

Siyasətçi ittihamları qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir. Onun vəkilləri isə qeyd edirlər ki, zərərçəkmiş kimi tanınan şəxsin Qasımlıya borclu olduğunu təsdiqləyən məhkəmə qərarı mövcuddur.