Azərbaycan mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasında

Azərbaycan dünya üzrə mətbuat azadlığı reytinqində növbəti dəfə geriləyərək 180 ölkə və ərazi arasında 171-ci pillədə qərarlaşıb. Bu barədə Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) aprelin 30-da açıqladığı “Dünya Mətbuat Azadlığı İndeksi”ndə bildirilir.
Ötən il Azərbaycan bu indeksdə 164-cü yerdən 167-ci yerə geriləmişdi. Bu il isə ölkə daha da aşağı düşərək mətbuat azadlığının ən çox məhdudlaşdırıldığı dövlətlər sırasında yer alıb.
Müqayisə üçün qeyd olunur ki, Belarus 165-ci, Rusiya 172-ci, Türkmənistan isə 173-cü pillədə qərarlaşıb.
Region ölkələrinə gəldikdə, Gürcüstan 21 pillə geriləyərək 135-ci yerə düşüb. RSF bu geriləməni ölkədə davam edən demokratik böhran, etiraz aksiyalarına və onların işıqlandırılmasına təzyiqlər, eləcə də “xarici agentlər” və media maliyyələşməsi ilə bağlı məhdudlaşdırıcı qanunlarla əlaqələndirir.
Ermənistan isə 50-ci yerdə qərarlaşıb və bu ölkədə mətbuatın vəziyyəti “problemli” kimi qiymətləndirilir.
Bu ilin yanvarında Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dünyada 300-dən çox jurnalistin həbsdə olduğunu açıqlayıb. Qurumun məlumatına görə, onlardan 24-ü Azərbaycanda saxlanılır.