Xaricdə yaşayan bir qrup bloqer barəsində qiyabi hökm çıxarılıb

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan bir qrup bloqqer barəsində açılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Prosesə hakim Hüseyn Hüseynli sədrlik edib.
Məhkəmənin qiyabi hökmünə əsasən, hüquqşünas və bloqqer Qurban Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Digər bloqqerlər — Tural Sadıqlı, Süleyman Süleymanlı, Orduxan Bəbirov (Teymurxan), Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov isə 9 il həbs cəzası alıblar.
Təqsirləndirilən şəxslərə qarşı dələduzluq, terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinə tabe olmama, silahlı qiyama çağırış və rəsmi sənədlərin saxtalaşdırılması maddələri üzrə ittihamlar irəli sürülüb.
Məhkəmə prosesində Xəqani Xəlilov zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl — dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahid 7 il, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev isə 15 il müddətinə azadlıqdan məhrum edilib.