Skip to main content

Məhkəmə “QHT işi” üzrə Nərgiz Muxtarovaya şərti cəza verib

· One min read

img alt

İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Nərgiz Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzanın isə 4 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmasını istəyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin qərarı ilə Nərgiz Muxtarova 3 il sınaq müddəti təyin edilməklə 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

"QHT işi" üzrə həbslər 2025-ci ilin mart ayından başlayıb. Həmin vaxt Nərgiz Muxtarova barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Nərgiz Muxtarova "Abzas Media işi" üzrə 9 il müddətinə azadlıqdan məhrum edilmiş AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin həyat yoldaşıdır.

"QHT işi" üzrə indiyədək bir sıra vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.