Skip to main content

DTX sədrinin ailəsi ilə əlaqəli şirkət 16 milyon manatlıq dövlət tenderləri qazanıb

· One min read

img alt

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevin ailəsi ilə əlaqəli olduğu bildirilən özəl mühafizə şirkəti 2026-cı ilin əvvəlindən etibarən 16 milyon manatdan çox dəyərində dövlət tenderlərinin qalibi olub.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara görə, “GESCO” ASC Elm və Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və digər dövlət qurumlarının keçirdiyi bir neçə tenderdə qalib seçilib. Müqavilələr şəhər və rayonlarda mühafizə xidmətlərinin təşkili ilə bağlıdır və ümumi məbləği 16 milyon 372 min 687 manat təşkil edir.

Satınalma sənədləri göstərir ki, şirkət 2025-ci ildə də 18 milyon manatdan çox dövlət sifarişi əldə edib. Bununla da son iki ildə “GESCO” ASC-nin qazandığı tenderlərin ümumi dəyəri 34 milyon manatdan artıq olub.

Meydan TV-nin əvvəlki araşdırmalarında bildirilib ki, tez-tez tender qalibi olan bu şirkət DTX rəisinin oğlu İlham Nağıyevə məxsusdur.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının və şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.