Qarabağda bərpa, tikinti və məskunlaşma prosesləri ilə bağlı narazılıqlar artır

2020-ci ildən etibarən, 2026-cı il də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan artıq vəsait ayrılıb. Lakin bölgə sakinlərinin sosial şəbəkələrdə paylaşdığı video və görüntülər bir sıra tikinti və infrastruktur layihələrinin keyfiyyətsiz icra olunduğunu göstərir.
Yayılan materiallardan görünür ki, intensiv yağışlar zamanı su yeni tikililərin yalnız zirzəmilərinə deyil, birbaşa mənzillərə dolur, yol kənarındakı hasarları uçurur, asfalt örtüyünü yuyaraq yol səthində çalalar və xəndəklər yaradır. Yerli sakinlər bu problemləri dəfələrlə ictimailəşdirsələr də, onların sözlərinə görə, faktiki olaraq heç bir araşdırma aparılmır, məsul şəxslər cəzalandırılmır. Ən yaxşı halda mövcud qüsurlar yalnız cari təmir işləri ilə aradan qaldırılmağa çalışılır.
Bölgədə yeni məskunlaşan əhalinin əsas şikayətləri məşğulluğun təmin olunmaması, yardımçı kənd təsərrüfatı imkanlarının məhdudluğu və ev heyvanlarının saxlanılmasına qoyulan qadağalarla bağlıdır. İşsizlik səbəbindən bir çox ailələr yaşayış yerlərini tərk edərək əvvəlki məskunlaşdıqları ərazilərə, əsasən də Bakıya geri qayıdırlar. Xüsusilə kənd yerlərində iri və xırdabuynuzlu heyvanların, bəzi ərazilərdə isə hətta quşçuluğun qadağan edilməsi əhalinin narazılığına səbəb olur. Bu məhdudiyyətlər ailə təsərrüfatlarının formalaşmasına, fərdi məşğulluğa və əlavə gəlir əldə etməyə ciddi maneələr yaradır.
Şikayətlər bununla da bitmir. Yerli sakinlər bölgədə zəif idarəçilik, rüşvətxorluq və korrupsiya hallarının geniş yayıldığını bildirirlər. Tikinti layihələrində yeyinti və mənimsəmə ilə bağlı faktların kütləvi xarakter aldığı qeyd olunur. Narazılıqlar təkcə məskunlaşanlarla məhdudlaşmır; sahibkarlar və işçilər də ödənişlərin vaxtında verilməməsindən şikayət edirlər. Onların sözlərinə görə, ağır əmək şəraitində çalışan bir çox işçi 2025-ci ilin sentyabr ayından sonra son üç ayın əməkhaqqısını ala bilməyib.
Məsul dövlət qurumları bu iddialarla bağlı ictimaiyyətə hər hansı açıqlama vermir, dərc olunan rəsmi hesabatlarda isə qeyd olunan problemlərə toxunulmur.
Mövzu ilə bağlı daha ətraflı məlumatı aşağıdakı videomaterialdan əldə etmək mümkündür.