Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib

Yanvarın 28-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda Azər Qasımlını hədə-qorxu ilə tələb etmədə ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın iştirakı təmin olunmayıb. O, müdafiə tərəfinin əvvəlki vəsatəti əsasında şahid qismində ifadə verməli olsa da, bu dəfə də məhkəməyə gəlməyib.
Bununla bağlı Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahidin məhkəməyə məcburi qaydada gətirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib.
Fərəhbanu Yusifovanın şahid qismində dindirilməsi ilə bağlı vəsatət yanvarın 14-də keçirilən iclasda təqdim olunmuşdu. Müdafiə tərəfi vəsatəti Qurbanəli Yusifovun istintaqa verdiyi ifadə ilə əsaslandıraraq bildirib ki, o, Azər Qasımlını ailəsini dağıtmaqda və hədə-qorxu yolu ilə həyat yoldaşının ondan ayrılmasına səbəb olmaqda ittiham edib. Müdafiənin mövqeyinə görə, Fərəhbanu Yusifovanın məhkəmədə ifadə verməsi bu iddialara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Növbəti məhkəmə iclası fevralın 11-nə təyin olunub.
Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham irəli sürülüb. Azər Qasımlı irəli sürülən ittihamı siyasi sifariş kimi qiymətləndirir.