İlham Əliyevin ailəsinə bağlı şirkət Qarabağda “İmarət” stadionunun tikintisini həyata keçirəcək

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ildə Ağdam şəhərində “İmarət” adlı stadionun inşası nəzərdə tutulur. Stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.
UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa ediləcək stadionun 11 min 700 tamaşaçı tutumuna malik olacağı gözlənilir.
Tikintinin birinci mərhələsi üçün dövlət büdcəsindən 60,5 milyon manat vəsait ayrılıb. Bu məqsədlə Gənclər və İdman Nazirliyi “PMD Project” MMC ilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında müqavilə imzalayıb. “Bir mənbədən” satınalma metodu rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanmasını nəzərdə tutur və bu zaman müqavilənin detalları ictimaiyyətə açıqlanmır.
Dövlət satınalmalarının vahid internet portalında yer alan məlumata görə, “PMD Project” MMC Ağdam şəhərində “İmarət” stadionunun tikinti işlərinin birinci mərhələsini həyata keçirəcək və bunun müqabilində 60 milyon 506 min 659 manat 56 qəpik alacaq.
Açıq mənbələrə əsaslanan araşdırmalara görə, “PMD Project” MMC PMD Group-un törəmə şirkətidir. PMD Group isə ölkənin ən böyük biznes qurumlarından biri olan PASHA Holding-in təsir dairəsində fəaliyyət göstərən şirkətlərdən biri kimi tanınır. Açıq maliyyə məlumatlarına görə, holdingin son benefisiarları arasında prezidentin qızları — Leyla Əliyeva və Arzu Əliyeva, qayınatası Arif Paşayev və həyat yoldaşının əmisi oğlu Mir Cəlal Paşayev göstərilir.