Skip to main content

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə ağır həbs cəzaları verildi

· 2 min read

img alt

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimaiyyətdə “Toplum TV işi” kimi tanınan cinayət işi üzrə hökm elan olunub. Məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edib.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin hər biri cəzalarını çəkdikdən sonra 2 il 6 ay müddətinə müəyyən vəzifələr tutmaq hüququndan da məhrum edilib.

Məhkəmə aşağıdakı həbs cəzalarını təyin edib:

Akif Qurbanov və Ruslan İzzətli – 15 il Ələsgər Məmmədli və Əli Zeynalov – 14 il Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahov – 13 il Fərid İsmayılov və Elmir Abbasov – 12 il

Bundan əlavə, hökm elan edildikdən sonra azadlıqda olan Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıq ittihamı ilə həbs olunsalar da, sonradan onlara qarşı daha ağır cəzalar nəzərdə tutan əlavə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir, cinayət işinin siyasi motivli olduğunu və jurnalist fəaliyyəti, eləcə də vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətlərinə görə təqib olunduqlarını bildirirlər.

Hökm beynəlxalq media azadlığı təşkilatlarının da tənqidinə səbəb olub. İyulun 28-də yayılan bəyanatlarda Sərhədsiz Reportyorlar (RSF) və Beynəlxalq Mətbuat İnstitutu (IPI) uzunmüddətli həbs cəzalarını pisləyərək, məhkəmə prosesini siyasi motivli adlandırıb və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıblar.

Təşkilatlar bildiriblər ki, bu hökmlər Azərbaycanda müstəqil media və ifadə azadlığına qarşı davam edən təzyiqlərin növbəti nümunəsidir.

2023-cü ilin noyabr ayından etibarən Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal əsasən qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara əsasən, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus saxlanılır.

Rəsmi qurumlar isə ölkədə heç kimin peşə fəaliyyəti və ya siyasi baxışlarına görə həbs olunmadığını bildirir. Onların mövqeyinə görə, siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.