BMT-nin xüsusi məruzəçiləri Ülviyyə Əlinin həbsi ilə bağlı Azərbaycan hökumətindən açıqlama tələb edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) üç xüsusi məruzəçisi hazırda həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ilə bağlı Azərbaycan hökumətinə rəsmi müraciət ünvanlayıb.
Yanvarın 16-da göndərilən müraciətdə xüsusi məruzəçilər Rim Əlsalem, İrine Xan və Marqarit Satertveyt jurnalistin həbsi və saxlanılması zamanı iddia olunan zorakılıq halları ilə bağlı hökumətdən izahat tələb etdiklərini bildiriblər.
Məruzəçilərin məlumatına görə, Ülviyyə Əli mayın 6-dan 7-nə keçən gecə müxalif siyasətçinin məhkəmə prosesini işıqlandırdıqdan sonra yaşadığı mənzildə polis əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, saxlanılma zamanı ona fiziki təzyiq göstərilib, vəkillə təmin olunmayıb, evdə aparılan axtarış isə ciddi prosedur pozuntuları ilə həyata keçirilib. Daha sonra mənzildə jurnalistə məxsus olmadığı iddia edilən nağd pulun “tapıldığı” bildirilib.
BMT məruzəçiləri qeyd ediblər ki, bu hadisədə insan hüquqları üzrə beynəlxalq standartların mümkün pozuntuları müşahidə olunur. Sənəddə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 7, 9, 10, 14 və 19-cu maddələri, eləcə də Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın (CEDAW) 1, 2 və 5-ci maddələri çərçivəsində mümkün pozuntular göstərilib. Bunlara əsassız həbs, müdafiə hüququnun məhdudlaşdırılması, ifadə azadlığına təzyiq, gender əsaslı zorakılıq və tibbi yardımın təmin edilməməsi kimi hallar daxildir.
Məruzəçilər Azərbaycan hökumətindən Ülviyyə Əlinin saxlanılması, evində aparılan axtarış və həbsinin hüquqi əsasları barədə məlumat verməyi, bu tədbirlərin zəruriliyi və proporsionallığını izah etməyi, iddia olunan zorakılıq hallarının müstəqil şəkildə araşdırılıb-araşdırılmadığını açıqlamağı tələb ediblər. Həmçinin jurnalistin vəkilə çıxış imkanının təmin edilməsi, tibbi müayinələrin keçirilməsi və müstəqil tibbi yardımla bağlı qərarların verilməsi barədə məlumat istənilib.
BMT məruzəçiləri eyni zamanda bu tədbirlərin jurnalist fəaliyyətinə və ifadə azadlığına mənfi təsir göstərməməsi ilə bağlı hökumətdən açıqlama tələb ediblər.
Jurnalist Ülviyyə Əli (Quliyeva) 2025-ci il mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işi çərçivəsində həbs olunub.