Skip to main content

Anar Məmmədli 13, Anar Abdulla isə 12 il müddətinə azadlıqdan məhrum edildi

· 2 min read

img alt

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdulla barəsində hökm elan edilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Anar Məmmədli 13 il, Anar Abdulla isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl dövlət ittihamçısı Anar Məmmədliyə 14 il, Anar Abdullaya isə 13 il həbs cəzası verilməsini tələb etmişdi.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıqla bağlı maddəsi üzrə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törətməkdə ittiham olunur. Məmmədli ittihamları qəbul etmir və özünü təqsirli hesab etmir. Bir sıra beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyır.

Anar Abdulla isə 2025-ci il aprelin 8-də Anar Məmmədliyə qarşı başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq, habelə rəsmi sənədlərin, möhürlərin, ştampların və blankların saxtalaşdırılması ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları rədd edir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.

Yerli hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus hesab olunur. Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi baxışlarına və ya ictimai fəaliyyətinə görə təqib olunmadığını, bütün cinayət işlərinin qanunvericiliyə uyğun aparıldığını bəyan edir.