Azad edilmiş ərazilərdə debitor borc 517 milyon manata çatıb

2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard 454,9 milyon manat vəsait xərclənib. Bu, əvvəlki illə müqayisədə təxminən 900 milyon manat azdır. 2024-cü ildə həmin məqsədlə 5,4 milyard manat istifadə olunmuşdu.
Bu barədə Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyində bildirilir.
Hesabata görə, ötən il ayrılan vəsaitin 3,9 milyard manatı infrastruktur layihələrinin tikintisi və yenidən qurulmasına yönəldilib. Maliyyələşmə əsasən dövlət büdcəsinin “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” bölməsi, Ehtiyat Fondu və dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilib.
Palata qeyd edir ki, yenidənqurma layihələri üzrə debitor borclar artmaqda davam edir. Belə ki, 9 sifarişçi qurum üzrə yığılan debitor borcun həcmi 517,4 milyon manata çatıb. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 35 faiz və ya 150,3 milyon manat çoxdur.
Hesabatda ayrılmış vəsaitlərin bir hissəsinin istifadə edilmədiyi də vurğulanır. İlin sonuna 5 sifarişçi qurumun hesablarında ümumilikdə 65 milyon manat vəsait qalıb. Bunun 49,3 milyon manatı “BakuBus” MMC-nin, 12 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, 3,7 milyon manatı isə “AzerGold” ASC-nin hesablarında saxlanılıb.
Eyni zamanda, prioritet elan edilən bir sıra layihələrin icrasında ciddi geriliklər müşahidə olunub. Beş sifarişçiyə aid 10 layihə üzrə nəzərdə tutulan 55,8 milyon manat vəsaitin cəmi 1,3 milyon manatı və ya 2,3 faizi istifadə edilib. Bundan başqa, 13 sifarişçinin həyata keçirdiyi 37 layihə üzrə ayrılmış 124,7 milyon manat vəsaitin icra səviyyəsi 50 faizdən aşağı qalıb.
Hesablama Palatasının rəyinə əsasən, hazırda icrası davam edən layihələrin tamamlanması üçün əlavə 17 milyard manat vəsait tələb olunur. Ümumi dəyəri 35,2 milyard manat olan 405 layihə üzrə 2025-ci ildə təxminən 4,9 milyard manat xərclənsə də, ilin sonuna planlaşdırılan 129 layihədən yalnız 111-i təhvil verilib. Daha 13 layihədə isə 162 milyon manatdan çox vəsait ödənilməsinə baxmayaraq, gecikmələr qalmaqdadır.