Skip to main content

“Meydan TV işi” üzrə növbəti məhkəmə keçirilib

· 2 min read

img alt

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərin növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Aytən Əliyeva sədrlik edib.

Məhkəmədə Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 79 min 589 manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. DVX-nin nümayəndəsi Fatimə Əhmədova prosesdə iştirak edib.

Vəkillər məhkəmənin ictimai əhəmiyyət daşıdığını əsas gətirərək audio və video çəkilişə icazə verilməsi barədə vəsatət qaldırsalar da, məhkəmə bu tələbi rədd edib.

Meydan TV-nin baş redaktoru Aynur Qənbərovanın (Elgünəş) istintaq zamanı götürülmüş əlillik və məcburi köçkünlük vəsiqələrinin qaytarılması ilə bağlı vəsatəti təmin olunub. Onun ev heyvanı ilə görüşmək barədə vəsatəti isə araşdırılması üçün aidiyyəti quruma göndərilib.

Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa istintaq sənədlərinin nömrələnmiş blanklarda aparılmadığını bildirərək etiraz edib və sənədlərin saxtalaşdırılma riskini vurğulayıb. Məhkəmə bu vəsatətləri təmin etməyib. Şəmşad Ağa məhkəmə prosesini qanunsuz adlandıraraq etirazını sərt şəkildə ifadə edib.

Digər vəkillər də sübutların yolverilməz sayılması və sənədlərin təqdim olunması ilə bağlı vəsatətlər versələr də, məhkəmə onları qəbul etməyib.

Jurnalist Ülviyyə Quliyeva (Əli) müsadirə olunmuş telefon və kompüterində şəxsi foto və videoların olduğunu bildirərək məlumatların ona qaytarılmasını xahiş edib. Jurnalist Fatimə Mövlamlı isə anasına məxsus telefonun geri qaytarılmasını tələb edib.

İttiham aktı oxunarkən Meydan TV-nin qadın jurnalistləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru”nu dəyişdirilmiş sözlərlə ifa edərək etirazlarını ifadə ediblər. Bundan sonra proses təxirə salınıb.

Növbəti məhkəmə iclası 2026-cı il yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, “Meydan TV işi” üzrə ilk saxlanmalar 2024-cü il dekabrın 6-da baş verib. İş üzrə saxlanılan və sonradan həbs edilən jurnalistlərə əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq) ilə, daha sonra isə ümumilikdə 7 maddə üzrə ittiham irəli sürülüb.

Həbs olunan jurnalistlər ittihamları qəbul etmir və bunu müstəqil medianın susdurulmasına yönəlmiş siyasi sifariş kimi qiymətləndirirlər.