Qarabağa qayıdan sakinlər keyfiyyətsiz mənzillərdən şikayət edir

Qarabağ bölgəsinə qayıdan sakinlərə təqdim olunan mənzillərin keyfiyyəti ilə bağlı narahatlıqlar artır. Bildirilir ki, bəzi evlər keyfiyyətsiz və yarımçıq şəkildə tikilib.
Laçın şəhəri, Heydər Əliyev prospekti 157 ünvanında yaşayan Fariz adlı sakin ona verilmiş evin vəziyyəti ilə bağlı narazılığını ictimai şəkildə ifadə edib. Onun paylaşdığı video görüntülərdə iddia olunur ki, tikintidə keyfiyyətsiz materiallardan istifadə olunub, işlər etinasız aparılıb və tikinti normalarına riayət edilməyib. O, həmçinin smetada nəzərdə tutulan bəzi avadanlıqların mövcud olmadığını bildirir.
Farizin sözlərinə görə, ev yeni istifadəyə verilməsinə baxmayaraq, artıq fasadda çatlar əmələ gəlib. O, həmçinin bünövrənin düzgün qoyulmadığını iddia edir və bu vəziyyətin tikilinin dayanıqlılığı ilə bağlı narahatlıq doğurduğunu qeyd edir.
Sakin bildirir ki, tavanın izolyasiyası zəifdir və bu səbəbdən evi isitməkdə çətinlik yaranır. O əlavə edir ki, layihədə nəzərdə tutulan bəzi material və avadanlıqlar ümumiyyətlə istifadə olunmayıb.
Video görüntülərdən həyətin də qənaətbəxş vəziyyətdə olmadığı görünür: pilləkənlərin tikintisində istifadə olunan daşlar artıq sıradan çıxır, darvaza isə düzgün quraşdırılmadığından həyətə avtomobil daxil ola bilmir.
Narazılığını ifadə edən sakin aldadıldığını və hörmətsiz münasibətlə üzləşdiyini bildirir. O, ölkə prezidentini vəziyyəti yerində görmək üçün öz evini ziyarət etməyə dəvət edir.
Müvafiq video görüntülər aşağıda təqdim olunur.