“AzelTV” təsisçisi Əfqan Sadıqov həbs edilib

“AzelTV” internet kanalının təsisçisi və jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib. O, 9 iyun 2026-cı ildə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlanılaraq məhkəmə qərarı əsasında həbs edilib.
Vəkilinin mətbuata verdiyi məlumata görə, 2024-cü ildə Əfqan Sadıqovla bağlı Baş Prokurorluqda başlanmış və sonradan xitam verilmiş cinayət işi yenidən icraata qaytarılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər Baş Prokurorluğun işə xitam verilməsi barədə qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə 9 iyun tarixində həmin şikayətə baxaraq Baş Prokurorluğun xitam qərarını ləğv edib və işin yenidən istintaqa qaytarılması barədə qərar verib. Elə həmin gün Binəqədi Rayon Məhkəməsi Əfqan Sadıqov barəsində 30 iyul 2026-cı il tarixinədək həbs qətimkan tədbiri seçib.
Azərbaycan qanunvericiliyinə əsasən, hədə-qorxu ilə tələb etmə özgənin əmlakını, əmlaka olan hüququnu və ya əmlak xarakterli digər hərəkətləri əldə etmək məqsədilə zor tətbiq etmə, əmlakı məhv etmə və ya rüsvayedici məlumatların yayılması hədəsi ilə tələb irəli sürülməsi kimi müəyyən edilir. Bu əməllə bağlı cəza sanksiyaları ittihamın ağırlığından asılı olaraq 3 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Bununla belə, Sadıqova qarşı ittihamın maddənin hansı konkret hissələri üzrə yekun təsnifləşdirildiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Əfqan Sadıqov 5 aprel 2026-cı ildə Gürcüstandan Azərbaycana deportasiya olunub. Bundan əvvəl, 3 aprel tarixində Tbilisi Şəhər Məhkəməsi onu sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdə təqsirli bilərək 2 000 lari məbləğində cərimələyib, ölkədən deportasiya olunması və üç il müddətinə Gürcüstana girişinin qadağan edilməsi barədə qərar qəbul edib. Aprelin 4-dən 5-nə keçən gecə Sadıqov yaşadığı evdən çıxarılaraq məhkəməyə aparılıb və daha sonra Azərbaycana deportasiya edilib.
Məlumatlara görə, Əfqan Sadıqov Azərbaycana qayıtdıqdan sonra, 1 may tarixində xarici pasport əldə edib. Lakin buna baxmayaraq, onun barəsində əvvəllər verilmiş axtarış qərarının sistemdən silinmədiyi və ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.
Hazırda Baş Prokurorluq, Binəqədi Rayon Məhkəməsi və digər aidiyyəti dövlət qurumları tərəfindən məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
Əfqan Sadıqov və onun müdafiəçiləri ittihamları qəbul etmir və təqibin onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirirlər.