İnsan Hüquqları Müdafiəçisi Rüfət Səfərov 8 İl Azadlıqdan Məhrum Edilib

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində hökm elan olunub.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl dövlət ittihamçısı məhkəmədən Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələr üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Rüfət Səfərov irəli sürülən ittihamları qəbul etmir və həbsinin peşə fəaliyyəti və insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Qeyd edək ki, Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışarkən istefa verdiyini və prokurorluq sistemində işləmək istəmədiyini bəyan etdikdən sonra korrupsiya ittihamı ilə həbs edilmişdi. O zaman məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin 2019-cu ilin mart ayında imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Rüfət Səfərov son illərdə Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən tanınmış hüquq müdafiəçilərindən biri kimi çıxış edib.