Skip to main content

Dövlət ittihamçısı Anar Məmmədliyə 14, Anar Abdullaya isə 13 il həbs cəzası istəyib

· 2 min read

img alt

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev Anar Məmmədliyə 14 il, Anar Abdullaya isə 13 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 6-na təyin edilib. Həmin iclasda müdafiə tərəfinin çıxışlarının dinlənilməsi gözlənilir.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb və qaçaqmalçılıq da daxil olmaqla bir sıra maddələrlə ittiham olunur. O, ittihamları siyasi motivli hesab edir və özünü təqsirli bilmir. Anar Abdulla isə əvvəlcə inzibati qaydada 30 sutka həbs edilib, daha sonra istintaqın sonunda ona da eyni ittihamlar irəli sürülüb. O da irəli sürülən ittihamları rədd edir.

Bu, Anar Məmmədliyə qarşı açılmış ikinci cinayət işidir. O, daha əvvəl 2013-cü ilin sonunda qanunsuz sahibkarlıq, vergidən yayınma və digər ittihamlarla həbs edilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Məmmədli həmin ittihamları da qəbul etməmiş, bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. O, 17 mart 2016-cı ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, bütün şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini bildirir.