Şumlanmayan sahələrə subsidiya verilib

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasında apardığı audit nəticəsində bir sıra ciddi pozuntu və uyğunsuzluqlar müəyyən olunub.
Bu barədə məlumat Palatanın “Dövlət auditi” adlı rəsmi bülletenində dərc edilib. Yoxlamalar 2022–2025-ci illəri əhatə edib.
Hesabatda peyk görüntülərinə istinadən bildirilir ki, 117 min 454 hektar torpaq sahəsində becərmə, bəzi hallarda isə hətta şum işlərinin aparılması təsdiqini tapmayıb. Buna baxmayaraq, 19 fermerə ümumilikdə 24,2 milyon manat əkin subsidiyası ödənilib.
Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçin aparılmış sahələr arasında da ciddi fərqlər aşkarlanıb.
Belə ki, 2023–2024-cü illərdə biçilməyən 44 min 502 hektar sahəyə görə 10 milyon 235,4 min manat subsidiya ödənildiyi qeyd olunub.
Hələlik audit hesabatında adı keçən dövlət qurumlarından məsələ ilə bağlı münasibət almaq mümkün olmayıb.
Xatırladaq ki, ötən il Maliyyə Nazirliyi də subsidiyaların həcmi ilə faktiki kənd təsərrüfatı istehsalı arasında uyğunsuzluqlara diqqət çəkmişdi.
Nazirliyin açıqlamasında bildirilirdi: “Əkin subsidiyasının əmsallarının artırılmasına baxmayaraq, müvafiq bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunur.”
Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən, yanacağın qiymət artımı fonunda başlanılıb. Sonrakı illərdə subsidiyaların məbləği mərhələli şəkildə artırılıb.
Hazırda bitkiçilik üzrə baza subsidiya məbləği 200 manatdır. Məsələn, 2024-cü ildə buğda üçün əkin əmsalı 1,1 müəyyən olunub və subsidiya məbləği 220 manat təşkil edib.
2025-ci ildən etibarən müasir suvarma sistemləri tətbiq olunan əkin sahələrinə görə əlavə 60 manat subsidiya veriləcəyi açıqlanıb. Təkrar əkinlər üzrə subsidiyalar isə yalnız suvarılan torpaq sahələrinə şamil olunur.