Skip to main content

Türk Şirkəti Qarabağda Görülən İşlərə Görə Ödənişlərin Mənimsənildiyini Bildirir

· 3 min read

img alt Türkiyənin “Arenol Group” tikinti şirkəti Qarabağda həyata keçirdiyi layihələrə görə şirkətə çatmalı olan vəsaitlərin mənimsənildiyini, Azərbaycandakı əmlaklarının müsadirə edildiyini və şirkət rəhbərliyinin təhdidə məruz qaldığını iddia edir.

Bu iddialar “Arenol Group” şirkətinin direktoru Tolqa Şahin tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanmış video müraciətdə səsləndirilib. Sözügedən müraciət sosial şəbəkələrdə geniş yayılıb.

Tolqa Şahinin bildirdiyinə görə, “Arenol Group” Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazilərində aparılan tikinti və bərpa işlərinə dəvət olunub. Şirkət dövlət büdcəsi hesabına icra edilən layihələr üzrə sifarişləri “Bakı Abadlıq” və digər əlaqəli şirkətlər vasitəsilə alıb.

Şirkət Qarabağda iki ildən artıq fəaliyyət göstərərək Şuşa, Laçın və Kəlbəcər şəhərlərində məktəblər, fabriklər, mehmanxanalar və hərbçilər üçün yataqxanalar daxil olmaqla ümumilikdə 44 layihə icra etdiyini bildirir. Həmin obyektlərin bəzilərinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi qeyd olunur.

Bununla belə, Tolqa Şahin iddia edir ki, görülən işlərə görə şirkətə heç bir ödəniş edilməyib və “Arenol Group”a məxsus əmlaklar Azərbaycanda müsadirə olunub. Onun sözlərinə görə, haqqını tələb etdikdən sonra təhdidlərə məruz qalıb. Bildirilir ki, şirkət rəhbərinin evində saxta polis əməkdaşları tərəfindən təşkil olunmuş axtarış keçirilib və həmin zaman guya silahlar “tapılıb”.

Video müraciətdə Tolqa Şahin iddia edir ki, “bütün fabrik və alacaqlarımıza Leyla Əliyevanın adı istifadə olunaraq əl qoyulub” və bu məsələ ilə bağlı birbaşa Türkiyə Prezidentinə müraciət edir.

Şirkət rəhbəri bildirir ki, Azərbaycanın aidiyyəti dövlət qurumlarına etdiyi müraciətlər cavabsız qalıb. Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya müraciət etdikdə isə səfirin ona “burada mənə ləkə atarlar, susun” deyə cavab verdiyi qeyd olunur.

Bu səbəbdən “Arenol Group”un direktoru Tolqa Şahin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana açıq müraciət etməyə məcbur olduğunu bildirib. Video müraciət ictimaiyyətdə geniş rezonans doğurub.

Müşahidəçilərin bildirdiyinə görə, Qarabağda görülən işlərə görə ödəniş ala bilməyən təkcə türk şirkətləri deyil, eyni zamanda yerli Azərbaycan şirkətləri və onların işçiləridir. Məsələnin artıq kütləvi xarakter aldığı, dövlət büdcəsindən Qarabağın bərpası üçün ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı iddiaların artdığı qeyd edilir. Bəzi hallarda mənimsənilən vəsaitin səviyyəsinin ayrılmış məbləğin 90 faizinə çatdığı iddia olunur.

Məlumata görə, “Qarabağın yenidən qurulması və bərpa-tikinti işləri” üçün 2022–2026-cı illərdə dövlət büdcəsində 32 milyard manat vəsait nəzərdə tutulub. Hesabatlara əsasən, 2022–2025-ci illər ərzində bu məbləğin 23 milyard manatdan çoxu artıq xərclənib.

Qeyd edək ki, “Arenol Group” şirkəti əsasən Türkiyədə yaradılıb və 11 ildir fəaliyyət göstərir. Hazırda bir sıra ölkələrlə əməkdaşlıq edən şirkət təxminən iki ildir Azərbaycanda fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətləri aframe konstruksiyaları, konteyner tikililər və yüngül polad konstruksiyalı binaların inşasıdır. “Arenol Group”u fərqləndirən əsas xüsusiyyətlərdən biri isə tikintilərdə istifadə olunan profil materiallarının şirkətin öz istehsalı olmasıdır.

Hazırda Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən iddialarla bağlı rəsmi açıqlama verilməyib.