Skip to main content

Həbsdə olan azərbaycanlı jurnalist Sevinc Vaqifqızı “Sərhədsiz Reportyorlar”ın “Cəsarət Mükafatı”na layiq görülüb

· 2 min read
Bakı/Paris

AbzasMedia saytının həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı beynəlxalq “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının “Cəsarət Mükafatı” ilə təltif edilib.

Mükafat Parisdə keçirilən təşkilatın 40 illik yubiley festivalı çərçivəsində baş tutan 33-cü “Azad Mətbuat Mükafatları” mərasimində təqdim olunub.

Mükafatı Vaqifqızının adından AbzasMedia-nın direktoru Günel Səfərova qəbul edib və tədbir iştirakçılarına jurnalistin həbsxanadan göndərdiyi məktubu oxuyub.

RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.

Vaqifqızı 2023-cü ilin noyabrında AbzasMedia-nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və iqtisadçı, AzadlıqRadiosu-nun əməkdaşı Fərid Mehralızadə ilə birlikdə saxlanılıb. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar, lakin bu ittihamları rədd edərək işin siyasi motivli olduğunu bildiriblər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Sevinc Vaqifqızı, Ülvi Həsənli, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Son iki ildə Azərbaycanda təxminən 30 jurnalist əsasən oxşar ittihamlarla həbs olunub.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri müstəqil medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir, hökumət isə bildirir ki, saxlanılan şəxslər yalnız “konkret cinayət əməllərinə” görə məsuliyyətə cəlb olunublar.