Skip to main content

QHT işi: İqtisadçı Qalib Bayramova 8 il həbs cəzası verildi, cəza şərti hesab olundu

· 3 min read

img alt

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” çərçivəsində mühakimə olunan iqtisadçı Qalib Bayramov barəsində hökm elan edilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında çıxarılan hökmə əsasən, Qalib Bayramov 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bununla belə, məhkəmə cəzanın icrasını şərti hesab edib və onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib. Bayramov barəsində tətbiq edilmiş polis nəzarəti qətimkan tədbiri isə başqa yerə getməmək haqqında iltizamla əvəz olunub.

Bundan əvvəl dövlət ittihamçısı Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qalib Bayramov İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədridir. O, həmçinin iqtisadçı alim, professor Qubad İbadoğlunun qardaşıdır.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. Ona qarşı əvvəlcə saxta pul hazırlama və dövriyyəyə buraxma, daha sonra isə dini ekstremist materialların hazırlanması və yayılması ilə bağlı ittihamlar irəli sürülüb. İbadoğlu bütün ittihamları siyasi motivli hesab edərək rədd edib.

2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, daha sonra isə onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

“QHT işi” Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında aparılır. Bu iş çərçivəsində QHT və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı cinayət təqibi 2024-cü ilin mart ayından başlayıb.

İlk olaraq “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunublar. Daha sonra, 2025-ci ilin aprelində Zamin Zəki, Asəf Əhmədov və Əhməd Məmmədzadə barəsində də həbs qərarları çıxarılıb.

İş üzrə daha bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların bir hissəsi məhkəmə araşdırması dövründə həbsdə olmayıb. Həmin şəxslər arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun Azərbaycan üzrə keçmiş məsləhətçisi Mehriban Rəhimli və İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov da yer alır.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində isə eyni cinayət işi üzrə həbsli axtarış elan olunub. Bildirilir ki, onlar hazırda ölkə xaricindədirlər.

Bu cinayət işi üzrə artıq bir neçə hökm elan olunub. Məhkəmə Zamin Zəkiyə 7 il 6 ay, Nərgiz Muxtarovaya 7 il 6 ay (3 il sınaq müddəti ilə şərti), Əhməd Məmmədzadəyə 7 il 6 ay (2 il sınaq müddəti ilə şərti), Asəf Əhmədova isə 8 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

“QHT işi” üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin çirkli pulların leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələr üzrə ən ağır sanksiya 12 ilədək azadlıqdan məhrumetmə cəzasıdır.

Təqsirləndirilən QHT nümayəndələri irəli sürülən ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.