QHT işi” üzrə Bəşir Süleymanlının məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib. Süleymanlı çıxışında ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini və fəaliyyətinin qanuni çərçivədə həyata keçirildiyini bildirib.
O qeyd edib ki, ABŞ-ın Alman Marşal Fondu vasitəsilə USAID-dən alınan vəsait hesabına bölgələrdə müharibədən zərər çəkmiş şəxslərə, şəhid ailələrinə və Qarabağ qazilərinə pulsuz hüquqi yardım göstərilib. Bu fəaliyyətlə bağlı materialların rəhbərlik etdiyi təşkilatın saytında yerləşdirildiyini və bir hissəsinin məhkəməyə təqdim olunduğunu deyib. Süleymanlı həmçinin bəzi dövlət qurumlarının da USAID-dən vəsait aldıqlarını məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə Böyük Britaniya səfirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin etməyib. Prosesdə şahid qismində ifadə verən Samir Kazımlı Süleymanlının qanun pozuntusuna yol vermədiyini bildirib.
Növbəti məhkəmə iclası martın 12-nə təyin olunub. Bəşir Süleymanlı 2025-ci ilin martında QHT-lərlə bağlı başlanmış cinayət işi çərçivəsində həbs edilib.