Skip to main content

Qubad İbadoğlunun həyatı risk altındadır: Ona yenidən tibbi müayinədən keçmək imkanı verilməyib

· 2 min read

img alt

Qubad İbadoğlunun oğlu Emin Bayramlı Facebook hesabında paylaşdığı məlumatda bildirib ki, uzun fasilədən və üç illik həbsdən sonra 30 may 2026-cı ildə ilk dəfə olaraq atası ürəyindəki aorta genişlənməsinin ölçüsünün dəqiqləşdirilməsi, ürək qapaqları və damarlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə kontrastlı kompüter tomoqrafiyası (KT) müayinəsindən keçməli idi. Bu müayinə üçün növbə ona 16 may 2026-cı il tarixində verilmiş və vaxtı nəhayət 30 maya təyin edilmişdi.

Lakin səhər saat 7-dən sonra Bakı şəhərində yerləşən Yeni Klinikaya gələn Qubad İbadoğluna təxminən bir saat gözlədikdən sonra bildirilib ki, kontrast maddə (boya) tükəndiyi üçün müayinəni həyata keçirmək mümkün deyil.

Bu izah ciddi suallar doğurur. Cənubi Qafqazın ən böyük xəstəxanasında əvvəlcədən planlaşdırılmış müayinələrin aparılması üçün zəruri olan kontrast maddənin olmaması necə mümkün ola bilər? Əgər belə bir problem mövcud idisə, niyə bu barədə əvvəlcədən məlumat verilməyib?

Emin Bayramlı qeyd edib ki, atasının səhhəti ilə bağlı vəziyyət son dərəcə ciddidir. Həkimlərin rəyinə görə, aorta damarının diametri və ürək qapaqlarında müşahidə olunan dəyişikliklər artıq cərrahi müdaxilə tələb edə biləcək həddə yaxınlaşıb. Aortanın genişlənməsi həyati təhlükə yaradan bir vəziyyətdir və onun nə vaxt kritik mərhələyə çatacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Vaxt onun əleyhinə işləyir və hər bir gecikmə sağlamlığı üçün əlavə risk yaradır.

Emin Bayramlı bildirib ki, ailə aidiyyəti dövlət qurumlarından Qubad İbadoğlunun tam və keyfiyyətli tibbi müayinəsinin Azərbaycanda dərhal təşkil edilməsini, yaxud onun xaricdə müayinə və müalicə almasına icazə verilməsini tələb edir. Zərurət yaranacağı təqdirdə, cərrahi əməliyyatın həyata keçirilməsi üçün də şərait yaradılmalıdır.

“Atamın səhhətinə biganə qalmayın. Bu məsələ artıq təkcə hüquq məsələsi deyil, insan həyatı məsələsidir”, – deyə Emin Bayramlı fikirlərini yekunlaşdırıb.

Məlumat üçün qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində kontrastlı KT müayinəsi hazırda Azərbaycan üzrə yalnız Yeni Klinikada həyata keçirilir.