Skip to main content

QHT işi üzrə Mehriban Rəhimli məhkəmədə ifadə verib

· One min read

img alt

“QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri, ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə keçmiş məsləhətçisi Mehriban Rəhimli aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

O, ötən ilin əvvəlindən Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq təşkilatlarla bağlı aparılan cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunan təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsindən biridir.

Mehriban Rəhimliyə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə çıxış edən Rəhimli ittihamların əsassız olduğunu bildirib. O, ifadəsində əvvəlcə təhsili və peşə fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2005-ci ildən etibarən beynəlxalq təşkilatlarda çalışıb. 2005–2006-cı illərdə Henrix Böll Fondunda tədqiqatçı, 2007–2008-ci illərdə “World Vision” beynəlxalq humanitar təşkilatında ictimai vəkillik üzrə menecer vəzifəsində işləyib. 2008-ci ilin noyabrından isə ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

Sərbəst ifadəsindən sonra Rəhimli dövlət ittihamçısının suallarını cavablandırıb. Məhkəmə prosesinin növbəti iclası mayın 18-nə təyin olunub.