Xocavənd sakinləri yeni tikilən evlərin keyfiyyətindən və əməkhaqlarının ödənilməməsindən şikayətlənirlər

Xocavənd rayonunda dövlət proqramı çərçivəsində tikilən yaşayış evlərinin keyfiyyəti ilə bağlı narazılıqlar davam edir. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə sakinlər tikinti qüsurlarından, tikinti işlərində çalışan fəhlələr isə əməkhaqlarının uzun müddətdir ödənilmədiyindən şikayət edirlər.
Xocavənd rayon sakini Hüseynov Ramil Telman oğlu yayımladığı videoda ona verilmiş evdə ciddi tikinti qüsurlarının olduğunu bildirir. Onun sözlərinə görə, həyətin hasarında iri çatlar yaranıb və hasarın uçmaq təhlükəsi var.
"Hasar çatlayıb, yağış hasarın dibini yuyub. Divar palçıqla hörülüb. Kimsə altında qalıb ölməlidir? Kombi də işləmir", – deyə sakin bildirir.
O, evin keyfiyyətsiz tikildiyini və müraciətlərinə baxmayaraq problemlərin aradan qaldırılmadığını iddia edir.
Sosial şəbəkələrdə yayılan rəylərdə də bəzi istifadəçilər tikinti işlərinin keyfiyyətini əməkhaqlarının vaxtında ödənilməməsi ilə əlaqələndirirlər.
"Ustalarda günah yoxdur. Çoxunun pulunu vermədilər, onlar da işi başdansovdu gördülər. Hələ də pulunu ala bilməyən briqadalar var", – istifadəçilərdən biri yazıb.
Videonu izləmək üçün: https://www.facebook.com/reel/1579630487119136
Başqa bir videoda isə Xocavənddə quraşdırılmış qapıların keyfiyyəti tənqid olunur. Videonu paylaşan şəxs bildirir ki, qapılardan biri uşağın bağlamağa çalışdığı zaman demək olar ki, yerindən çıxıb.
"Sizin təyin etdiyiniz şirkətlər sizi belə aldadırlar, cənab Prezident Əliyev", – deyə videoda bildirilir.
Videonu izləmək üçün: https://www.facebook.com/reel/2228293154652028
Digər videogörüntülərdə isə Xocavənd rayonunun Arkül kəndində aparılan tikinti işlərində çalışan şəxslər əməkhaqlarının ödənilmədiyini iddia edirlər. Özlərini "Proline" MMC-nin işçiləri kimi təqdim edən şəxslərin sözlərinə görə, onlar iki aydır əməkhaqqı ala bilmirlər.
Onlar bildirirlər ki, şirkət rəhbərliyi işçilərlə görüşmür və yaranmış vəziyyətlə bağlı heç bir rəsmi açıqlama vermir.
Videonu izləmək üçün: https://www.facebook.com/reel/1343292857333614
Hazırda sözügedən iddialarla bağlı "Proline" MMC-nin mövqeyi məlum deyil. Xocavənd rayonunda həyata keçirilən tikinti işlərinə cavabdeh dövlət qurumları da səsləndirilən iddialara münasibət bildirməyiblər.
Redaksiya olaraq məsələ ilə bağlı "Proline" MMC-nin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.