Emin Ağalarovla əlaqəli şirkət Qarabağda yeni tenderin qalibi olub

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və tikinti işləri çərçivəsində daha bir iri həcmli tenderin qalibi müəyyənləşib. Prezidentin keçmiş kürəkəni Emin Ağalarova məxsus “Sea Breeze Construction” MMC bu dəfə Qubadlı şəhərində həyata keçiriləcək tikinti layihəsi üzrə qalib elan olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tenderin nəticələrinə görə, şirkət Qubadlıda yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərini icra edəcək. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, müqavilənin dəyəri 34 milyon 412 min 372 manat 80 qəpik təşkil edir.
Bundan əvvəl də “Sea Breeze Construction” MMC Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələr həyata keçirib. Bu layihələrin bir hissəsi üzrə müqavilələr tender keçirilmədən birbaşa satınalma yolu ilə bağlanıb. Ümumilikdə, şirkətin həmin rayonlarda imzaladığı müqavilələrin dəyəri 111,9 milyon manatdan çoxdur.
Müqavilələrdən birinə əsasən, şirkət Ağdam rayonunun Eyvazxanbəyli kəndində fərdi yaşayış evlərinin və mühəndis-kommunikasiya sistemlərinin tikintisini həyata keçirəcək və bunun müqabilində 61,7 milyon manat alacaq. Digər layihə isə Füzuli rayonunun Pirəhmədli kəndində yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər sosial infrastrukturun tikintisini əhatə edir.
Beləliklə, son altı ay ərzində “Sea Breeze Construction” MMC-nin Qarabağ və Şərqi Zəngəzur bölgələrində qazandığı tikinti layihələrinin ümumi dəyəri 146,3 milyon manatı ötür. Bu fakt dövlət satınalmalarında rəqabət mühitinin səviyyəsi ilə bağlı müzakirələrə səbəb olur.
Qeyd edək ki, “Sea Breeze Construction” MMC “Sea Breeze” layihəsinin törəmə şirkətidir. “Sea Breeze” 2006-cı ildə iş adamı və müğənni Emin Ağalarov tərəfindən təsis edilib. Layihə ilkin mərhələdə Xəzər sahilində turizm obyektləri ilə fəaliyyətə başlasa da, hazırda geniş ərazini əhatə edən iri yaşayış və istirahət kompleksinə çevrilib.