Skip to main content

Meydan TV əməkdaşları Euronews kanalına müraciət ediblər

· 2 min read

img alt

Həbsdə olan “Meydan TV” əməkdaşları “Euronews” telekanalına açıq müraciət ediblər. Müraciətdə Azərbaycanda müstəqil mediaya qarşı son illərdə həyata keçirilən sistemli təzyiq və repressiyalara diqqət çəkilir.

Jurnalistlər bildirirlər ki, 2022-ci ildə beynəlxalq konvensiya və standartlara zidd olaraq qəbul edilmiş, həmçinin Venesiya Komissiyasının mənfi rəy verdiyi mürtəci “Media haqqında” qanundan sonra ölkədə müstəqil media və jurnalistlərə qarşı təzyiqlər total xarakter alıb.

Qeyd olunur ki, 2023-cü ildə “Abzas Media” əməkdaşlarının həbsi və redaksiyanın bağlanması ilə başlayan proses 2024-cü ildə “Toplum TV” və “Meydan TV” əməkdaşlarının həbsi ilə davam edib, bu media qurumlarının ofisləri də fəaliyyətini dayandırmağa məcbur edilib. Azadlıqda qalan az sayda jurnalistlərin bir qismi siyasi təzyiqlər səbəbindən ölkəni tərk edib. Ölkədə qalan jurnalistlərin bir hissəsinə ölkədən çıxış qadağası qoyulub, digərləri isə hələ də istintaq altındadır.

Müraciətdə daha sonra vurğulanır ki, Azərbaycan hakimiyyəti xarici media qurumları olan “Amerikanın Səsi”, BBC və “Azadlıq Radiosu”nun Bakıdakı fəaliyyətini rəsmən qadağan edərək nümayəndəliklərini bağlayıb. Bütün bu repressiv şərait fonunda, “Media reyestri”ndə qeydiyyatdan keçməsinə baxmayaraq ölkədə fəaliyyət göstərən yeganə müstəqil xəbər agentliyi olan “Turan” Agentliyi də fəaliyyətini dayandırdığını elan edib.

Hazırda “Abzas Media”, “Toplum TV”, “Arqument.az”, yeganə müstəqil çap nəşri olan “Azadlıq” qəzeti, eləcə də BBC, “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və “Meydan TV” kimi xarici media resursları ölkə daxilində fəaliyyət göstərə bilmirlər. Müraciət müəllifləri bildirirlər ki, faktiki olaraq ölkə daxilində heç bir müstəqil media qalmayıb, jurnalistlərin fəaliyyət imkanları isə ciddi şəkildə məhdudlaşdırılıb.

Jurnalistlər vurğulayırlar ki, dövlət nəzarətində olan media və televiziya kanalları hakimiyyətin sifarişi ilə həbs olunmuş jurnalistlərə qarşı təbliğat aparır. Bu şəraitdə Azərbaycanda fəaliyyət göstərən yeganə Qərb media qurumu “Euronews” kanalı və onun Bakıdakı ofisidir.

Müraciətdə qeyd olunur ki, “Euronews” uzun illərdir özünü müstəqil və qərəzsiz media qurumu kimi təqdim edir, Avropa dəyərlərinə və fundamental azadlıqlardan biri olan ifadə azadlığına sadiqliyini bəyan edir. Bu səbəbdən, həbsdə olan jurnalistlər “Euronews” kanalını və onun Bakı ofisində çalışan həmkarlarını siyasi sifariş əsasında keçirilən məhkəmə proseslərini canlı yayımlamağa çağırırlar.