Skip to main content

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərovun 8 illik həbs hökmünü qüvvədə saxladı

· 2 min read

img alt

"Müdafiə Xətti" insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində çıxarılmış 8 illik həbs hökmü qüvvədə saxlanılıb. Qərarı avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

Qərardan öncə R.Səfərovun vəkilləri qismən məhkəmə istintaqının aparılması və hüquq müdafiəçisinin saxlanmasında iştirak edən polis əməkdaşlarının dindirilməsi barədə vəsatətlər qaldırıblar. Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Apellyasiya prosesinin ilk iclasında irəli sürülmüş, pulun verildiyi iddia olunan qarajdakı videogörüntülərin araşdırılması barədə vəsatət də əvvəllər rədd edilmişdi.

Cinayət işinə görə, R.Səfərova Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq bəhanəsi ilə 60 min manat aldığı, lakin nə torpağı satdığı, nə də pulu geri qaytardığı isnad olunur. İddiaya görə, 2024-cü il dekabrın 3-də N.İmanquliyev pulunun qaytarılmasını tələb etmək üçün hüquq müdafiəçisinin yaşadığı binanın qarajına gəlib, aralarında dava yaranıb və R.Səfərov ona xəsarət yetirib.

Məhkəmədə çıxış edən vəkillər hökmün əsassız olduğunu bildirərək onun ləğvini və işə bəraətverici əsaslarla xitam verilməsini tələb ediblər. Prokuror isə 8 illik hökmün qüvvədə saxlanmasını təklif edib.

R.Səfərov son sözündə özünü "Azərbaycan hökumətinin siyasi əsiri" adlandıraraq bildirib ki, son 10 ildə müstəqil hüquq müdafiəçisi kimi fəaliyyətinə görə üç dəfə həbs olunub və işgəncələrə məruz qalıb. O, apellyasiya instansiyasından ədalətli qərar gözləmədiyini vurğulayıb, jurnalist Elmar Hüseynovun 21 il əvvəl öldürülməsinin müstəqil jurnalistikanı susdura bilmədiyini, əksinə "Abzas Media", "Toplum TV" və "Meydan TV" kimi nəşrlərin ağır şərtlərə baxmayaraq fəaliyyətini davam etdirdiyini xatırladıb.

Hökumət nümayəndələri məhkəmələrin siyasi sifarişlə qərar verməsi iddialarını rədd edir və məhkəmə sisteminin müstəqilliyini qeyd edir. Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov eyni gün keçirilən ayrı bir tədbirdə 2019-cu ildən bəri aparılan məhkəmə-hüquq islahatlarının "ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir göstərdiyini" bildirib.

R.Səfərovun son sözünün ardından müşavirəyə gedən hakimlər qısa müddətdən sonra geri qayıdaraq 8 illik həbs hökmünün qüvvədə saxlandığını elan ediblər.