Nazim Bəydəmirlinin cərimə kamerasına salındığı bildirilir

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin ailəsi onun səhhəti ilə bağlı narahatlıq ifadə edib. Həyat yoldaşı Fəridə Bəydəmirlinin sözlərinə görə, mayın 15-dən etibarən ona qida və dərman qəbul etməyə icazə verilmir.
Fəridə Bəydəmirli bildirib ki, həyat yoldaşı əvvəlcə bir sutka günəş altında ayaqüstə saxlanılıb, daha sonra isə cərimə kamerasına (“kars”) yerləşdirilib.
“Nazimin həyatından ciddi narahatıq. Onu öldürməyə çalışırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsində Nazim Bəydəmirliyə qarşı digər məhbus tərəfindən təxribat xarakterli davranışlar olub və bununla bağlı müəssisə rəhbərliyinə edilən müraciətlər nəticəsiz qalıb.
Ailə keçmiş deputatın səhhətində ciddi problemlərin olduğunu, mütəmadi dərman qəbul etməli olduğunu bildirərək vəziyyətə müdaxilə olunmasını tələb edir.
Nazim Bəydəmirli 2023-cü ilin iyulunda həbs edilib. O, ittihamları rədd edir və həbsinin Söyüdlü hadisələri ilə əlaqəli olduğunu bildirir. 2024-cü ilin sentyabrında məhkəmə onu 8 il azadlıqdan məhrum edib.