Deputat oğlunun şirkəti Qarabağda 29 milyon manatlıq tender qazandı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ çərçivəsində nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bunun üçün şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik ödəniləcək. “DİLER İNŞAAT” QSC 28 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A ünvanında yerləşir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Açıq məlumatlara əsasən, hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik vergi borcu var. Buna baxmayaraq, “DİLER İNŞAAT” dövlət satınalmalarında fəal iştirak edir və iri həcmli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, şirkət son 5 ildə 10 tender müsabiqəsinin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq dövlət sifarişi əldə edib. Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərinə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri, eləcə də tikinti materiallarının satışı daxildir. Şirkətin təqdim etdiyi məlumatlarda “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur. Reyestr sənədlərinə görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə yaradılıb, daha sonra adını dəyişərək indiki hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.